
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur.
Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Zərdabi orta məktəbi Tiflisdə başa vurub, daha sonra Moskva Universitetində təbiət elmləri üzrə təhsil alıb.
1869-cu ildən Bakıda rusdilli orta məktəbdə təbiətşünaslıq müəllimi kimi fəaliyyət göstərən maarifçi xalqın savadlanması istiqamətində mühüm işlər görüb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birlikdə Mirzə Fətəli Axundzadənın "Hacı Qara" və "Lənkəran xanının vəziri" əsərlərini səhnələşdirərək Azərbaycan milli teatrının inkişafına töhfə verib.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında yaxından iştirak edən Zərdabinin ən böyük xidmətlərindən biri isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan Əkinçi qəzetini təsis etməsi olub. Maarifçilik ideyalarını təbliğ edən qəzet 1877-ci il sentyabrın 29-dək fəaliyyət göstərib.
Həsən bəy Zərdabi sonrakı illərdə "Ziya", "Kəşkül", "Kaspi" və "Novoye obozreniye" qəzetlərində Azərbaycan və rus dillərində elmi-publisistik məqalələrlə çıxış edib. Ömrünün son illərində isə Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb.
Görkəmli ziyalı 1907-ci il noyabrın 28-də vəfat edib. Əvvəlcə Bibiheybət məscidi yaxınlığında dəfn olunan Həsən bəy Zərdabinin məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Hazırda Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu böyük maarifçinin adını daşıyır.
Bu gün, 09:44
45