
2026-cı ilin ilk altı ayı ərzində Azərbaycana 192 ölkənin vətəndaşları tərəfindən 1 milyon 91 min 865 giriş qeydə alınıb.
Sumqayit.tv xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə girişlərin sayında təxminən 10 faiz azalma müşahidə olunub. Buna Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və regionda baş verən hərbi münaqişələrin təsir göstərdiyi bildirilib.
Vüsal Hüseynov qeyd edib ki, Avropa ölkələri, eləcə də türk dövlətlərindən, xüsusilə Qazaxıstan və Özbəkistandan gələnlərin sayında artım var. Ən böyük azalma isə BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Hindistandan gələnlər arasında qeydə alınıb.
Məlumata görə, Azərbaycana ən çox səfər edən əcnəbilərin ilk beşliyi Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan vətəndaşlarıdır.
Bu gün, 12:53
10