
Sumqayıtda baş verən bıçaqlanma hadisəsi zamanı xəsarət alan gəncin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.
Sumqayit.tv xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb. Belə ki, 18 yaşlı qız aralarında yaranmış münaqişə zəminində 20 yaşlı oğlan tanışına bıçaqla xəsarət yetirib. Yaralı dərhal tibb müəssisəsinə çatdırılıb və ona zəruri tibbi yardım göstərilib.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı Sumqayit.tv-yə açıqlamasında bildirib ki, 21 iyun 2026-cı il tarixində saat 13:10 radələrində 2006-cı il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onun sözlərinə görə, pasiyentə qarının açıq yarası diaqnozu təyin edilib və dərhal zəruri tibbi xidmətlər göstərilib.
"Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir", – deyə Ramil Zeynallı qeyd edib.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
22-06-2026, 10:17
79