Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması nəzərdə tutulub.
Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir.
Məlumat verilib ki, kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” yaradılacaqdır. Təlim Mərkəzində türkiyəli mütəxəssislər və beynəlxalq təlimçilər tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər region ölkələrinin meşə mütəxəssislərinə təlimlər keçiriləcək.
Mərkəzin elektrik təchizatı üçün 180 kilovat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması planlaşdırılır. Bu stansiya 220 min kilovat/saat elektrik enerjisi istehsalı qabiliyyətinə malik olacaq ki, bu da tələbatdan 1,5 dəfə çoxdur. Artıq qalan elektrik enerjisi yaxınlıqda yerləşən 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası ilə mübadilə ediləcəkdir. Belə ki, gündüz saatlarında istehsal olunan elektrik enerjisindən Mərkəzdə istifadə olunmaqla, artıq qalan elektrik enerjisi yarımstansiyaya ötürüləcəkdir. Gecə saatlarında isə yarımstansiyadan aşağı tariflərlə elektrik enerjisi əldə olunacaqdır.
Su mənbəyi kimi yaxınlıqdakı kəhriz sularından istifadə ediləcək.
Qeyd edilib ki, tikinti işləri Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən həyata keçiriləcək. Tikinti üçün tələb olunan mal-materiallar Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən təmin ediləcək.
Razılaşmaya əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bünövrə qazılması, doldurma, su, elektrik təminatı və digər işlər görüldükdən sonra türkiyəli mütəxəssislər tərəfindən tikinti işlərinə başlanılacaq. Bu günədək Azərbaycan tərəfindən qazma işləri üzrə 82 faiz, doldurma işləri üzrə 87 faiz, 45 hektar dağlıq ərazidə terras hazırlığı sahəsində 45 faiz və meşə əkinləri üçün torpaq hazırlığı işləri 100 faiz icra edilib.
Diqqətə çatdırılıb ki, “Ağıllı Tingçilik”də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcəkdir. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq.
“Dostluq Meşəsi”ndə isə 16 hektar düzən, 46,8 hektar mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə türk üsulu ilə ümumilikdə 50 minə yaxın müxtəlif növ tingin əkilməsi nəzərdə tutulur. Əkin üçün 26 minə yaxın tingin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlarda yerləşən ting təsərrüfatlarından təmin edilməsi, 24 min tingin isə Türkiyə Respublikasından ölkəmizə gətirilməsi planlaşdırılır. Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən müxtəlif növ 10 min ədəd qapalı kök sistemli ting ölkəmizə gətirilərək əkilib. Əkilmiş bu tinglərin bitmə faizi 95 faiz təşkil edir.
Mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə hazırlıq məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən iki mini ekskavator hədiyyə edilib və azərbaycanlı mütəxəssislər Türkiyəyə ezam olunaraq xüsusi təlimlərdən keçiblər. İndiyədək ağac əkilməsi mümkün olmayan mürəkkəb relyefli ərazilərdə türkiyəli mütəxəssislərin təcrübə və tövsiyələri əsasında artıq torpaq hazırlığı və analizi nəticələrinə, meteoroloji məlumatlara əsasən layihələndirilən ting növlərindən istifadə etməklə əkin işlərinə başlanılıb və buranın meteoroloji məlumatları öyrənilib.
Terras üsulu ilə torpaq hazırlığı işləri aparılarkən əkiləcək tinglərin ətrafı təbii sutoplayıcı formaya salınıb. Bununla da həmin sahələrdə suvarma suyuna qənaət ediləcək. Bu təcrübə Qarabağın digər dağlıq ərazilərində də tətbiq olunacaq.
"Gələcəyə nəfəs ol!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə növbəti dəfə burada müxtəlif növ ağaclar əkiləcək. Dost və qardaş Türkiyənin bu təşəbbüsünə qoşularaq ötən il ölkəmizin ərazisində, həmçinin Qarabağ bölgəsində, Zəngilan və Cəbrayıl rayonlarında genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib və 111 min ağac əkilib.
Məlumat verilib ki, layihə ərazisində torpaqqazma və doldurma işlərinə bu il iyunun 20-də başlanılıb və layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulur.
Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkiblər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxıblar.