Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı sevgilisi Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə 15 avqust 2022-ci ildə, saat 23.00-da Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində “Gilavar” restoranında baş verib.
Faiq sevgili münasibətində olduğu Ləmanın onun icazəsi olmadan istirahət mərkəzinə getdiyinə görə əsəbiləşib. Avqustun 14-də isə Ləmanla etdiyi mübahisə zamanı ona bir şillə vurduğu üçün barəsində şikayət etdiyinə görə aralarında yaranan şəxsi mübahisə zəminində burun nahiyəsinə bir dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Ləmanla təxminən iki ilə yaxındır sevgili münasibətində olublar: “Münasibətlərimiz yaxşı olsa da, arabir aramızda sözlə mübahisələrimiz yaranıb. Ləman mənim sözlərimə qulaq asmadı. Ləmanı qısqandığıma görə aramızda mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 12-də Ləman ona anası və gəlinləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən “Gilavar” restoranının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başladıqlarını deyib: “Ləmana evdən tez-tez kənara çıxmamasını, onu qısqandığımı desəm də, Ləman yenə də bəzən ona əhəmiyyət vermədi. Avqustun 14-də, təxminən gecə saat 02.30-da Ləmanın kirayə yaşadığı evə gəldim. Ləmanı çölə çağırdım və onunla söhbət etmək istədiyimi bildirdim. Ləman da mənimlə birlikdə çölə çıxdı. Söhbət zamanı yenə də Ləmana öz iradımı bildirdim və nə üçün sözlərimə qulaq asmadığını soruşdum. Ləman isə əsəbiləşərək istədiyi yerə gedə biləcəyini söylədi. Ləmanın bu sözlərindən qəzəbləndim və bir dəfə şillə ilə onun sifət nahiyəsinə yüngül zərbə vurdum. Ləman tez qaçaraq həyətlərinə girdi. Mən isə oradan getdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 15-də Ləman ona zəng vurub və Novxanı qəsəbəsində çimərliyə gedəcəyini deyib: “Mən isə Ləmanı sevdiyimdən və qısqandığımdan dənizə getməməsini xahiş etdim. Ləman yenə də mənə qulaq asmadı və istədiyini edəcəyini dedi. Həmin gün təxminən saat 23 radələrində Ləmanla telefonla əlaqə saxladım. Ləman Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən istirahət mərkəzlərinin birində anası və gəlinləri ilə birlikdə oturduqlarını dedi, məni də ora dəvət etdi. Mən də həmin yerə gələrək onlarla görüşdüm. Söhbət zamanı Ləman məni qıcıqlandıraraq ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Həmçinin orada olan Ləmanın anası da mənimlə kobud danışdı. Onlara öz iradımı bildirməyimə baxmayaraq yenə də mənimlə kobud danışmağa davam etdilər. Buna görə də Ləmanın anası ilə aramızda sözlə mübahisə yarandı. Ləman isə bunu gördü və ünvanıma təhqiramiz sözlər işlətdi. Mən də əsəblərimi cilovlaya bilmədim, bir dəfə yumruqla Ləmanın burun nahiyəsindən zərbə vurdum. Zərbənin təsirindən Ləmanın burnundan qan axmağa başladı. Daha sonra törətdiyim əməldən peşiman oldum və Ləmana köməklik göstərdim. Bir neçə dəqiqə sonra isə oradan getdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt orada onlardan başqa 2-3 nəfər restoranın işçiləri olub. Deyib ki, bu hadisəni xuliqanlıq niyyəti ilə törətməyib, sadəcə olaraq Ləmanla şəxsi münasibətləri ilə bağlı mübahisə zamanı bu hal baş verib. O, 2-ci Qarabağ - Vətən müharibəsi iştirakçısı, qazi olduğunu deyib. Bildirib ki, müharibədə kontuziya alıb, səhhətində problem yaranıb, hadisələrə tez qıcıqlanır, psixiatrik müayinə və müalicədə olub. O, etdiyi əməldən peşman olduğunu söyləyib.
İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Faiqlə sevgili olub, münasibət saxladığı müddət ərzində onunla dəfələrlə münaqişə yaradıb, onu qısqandığını bildirib, hətta buna görə bir neçə dəfə onu döyüb. Qeyd edib ki, buna baxmayaraq əvvəllər Faiq barəsində şikayət etməyib.
Zərərçəkmiş bildirib ki, avqustun 12-də anası, gəlinləri və onun azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən "Gilavar” restoranının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başlayıblar: “Avqustun 14-də, təxminən gecə saat 02.30-da kirayə yaşadığımız evin həyətinə çıxanda Faiqin evin həyətində olduğunu gördüm. Faiq mənə yaxınlaşaraq qolumdan tutdu və kənara çəkdi. Dedi ki, sənə deməmişəm çölə çıxma. Sonra isə şillə ilə çənəmdən bir dəfə vurdu və saçımdan tutaraq dartdı. Mən dərhal qışqırdım və Faiqin əlindən çıxdım, qaçaraq həyətimizə girdim. Qışqırıq səsimə anam və gəlinlərimiz həyətə düşdülər. Bu zaman Faiq oradan getdi. Mən də bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat verdim. Sonra həmin gün Faiqlə telefonla əlaqə saxlayan zaman onun barəsində şikayət etdiyimi dedim. Faiq isə yenə də telefonda mənimlə mübahisə etdi”.
Ləmanın sözlərinə görə, avqustun 15-də Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən adını xatırlamadığı istirahət mərkəzlərinin birində anası, gəlinləri, övladları ilə birlikdə dəniz kənarında əyləşərək çörək yeyiblər: “Həmin vaxt Faiq yanımıza gəldi. Anamı kənara çəkərək onunla mübahisə etməyə başladı ki, nə səbəbə ondan şikayət etmişik. Faiq həmin vaxt anamın ünvanına nalayiq söyüşlər söydü. Sonra isə Faiq yaxınlaşaraq mənimlə də mübahisə etdi. Mənə “niyə bunu elədin” dedi və yumruqla burun nahiyəmdən bir dəfə zərbə vurdu. Faiqin yumruqla burnumdan vurması nəticəsində qan axmağa başladı. Həmin vaxt anam və orada olan qohumlarım mənə köməklik göstərməyə çalışdılar. Sonra isə oradan çıxaraq Bakı şəhərinə getdik. Mən xəstəxanaya müraciət edəndə məlum oldu ki, Faiqin yumruqla vurması nəticəsində burnum sınıb”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsini həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edib.
Təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Faiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib./Teleqraf.com