Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” “Youtube” kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid jurnalist Eynulla Fətullayev ifadə verib.
O, yalan danışmayacağına and içib.
Jurnalist öncə həmkarının həbs olmasına çox təəssüfləndiyini deyib:
“Əvəz Zeynallı həmkar yoldaşımdır. Ara-sıra ünsiyyətimiz olub. Bir həmkar kimi onu həbsdə görmək pis təsir edir”.
Daha sonra, E.Fətullayev Rasim Məmmədovla uşaqlıqdan tanış olduğunu bildirib:
“Rasim Məmmədov həbs olunan gün evlərinə getdim. Rasim ailəsini mənə tapşırmışdı. Elçin Sadıqov mənim vəkilim idi. Elə təklif etdim ki, Rasim Məmmədovun hüquqlarını Elçin Sadıqov müdafiə etsin.
Ara-sıra evlərində görüşüb, Rasim Məmmədovun yoldaşı Mehriban xanım, Elçin Sadıqov və mən müzakirə edirdik.
Bir gün Elçin Sadıqov mənə zəng edib dedi ki, Əvəz Zeynallı öz “Youtube” kanalında Rasim Məmmədov haqqında təhqiramiz sözlər işlədir. Bundan Mehriban xanım çox narahatdır. Elçin Sadıqov dedi ki, Əvəz Zeynallı ilə yaxınam, mən həll edəcəm”.
Jurnalist ifadəsində bildirib ki, Elçin Sadıqov Əvəz Zeynallının 20 min istədiyini qeyd edib:
“Elçin Sadıqov zəng edib mənə dedi ki, Əvəz Zeynallı Rasim Məmmədov haqqında verilişi ləğv etmək üçün 20 min manat istəyib. O da Mehriban xanımdan 20 min alıb, Əvəzə verib. Açığı mən şoka düşdüm. İnanmırdım, çünki Əvəz Zeynallı 2 il idi ki, Rasim Məmmədovla bağlı çıxışlar edirdi. Zəng etdim Mehriban xanıma. O da Elçin Sadıqovun dediyini təsdiqlədi.
Təxminən 2 gün keçdi ki, Əvəzin verilişini gördüm. O, yenə Rasim Məmmədovla bağlı çıxış edirdi. Əsəbləşdim, Elçin Sadıqova zəng elədim. Dedim ki, 1 saat vaxtın var, 20 mini geri qaytar. Telefonu söndürəndən sonra Elçin Sadıqov Mehriban xanıma zəng eləyib pulu qaytarmaq üçün möhlət istəyib. Pulu vermək üçün vaxtı uzatmaq məqsədi ilə Əvəz Zeynallı ilə olan səs yazısını atıb Mehriban xanıma. O da mənə yolladı. Səsə qulaq asanda bir də əsəbiləşib Elçinə yığdım. Dedim çox tezliklə pulu qaytar. Hədələdim onu”.
Prokurorun sualını cavablandıran Eynulla Fətullayev Rasim Məmmədovun bu məsələdən xəbərinin olmadığını açıqlayıb:
“Rasim qardaşın bu məsələlərdən xəbəri yox idi. Xəbər tutanda o da çox əsəbiləşdi. Elçinə dedim ki, pulu qaytarmasa, səs yazısını yayacam. Bir az keçdi Elçin zəng elədi ki, pulu qaytardım. Mehribana yığıb soruşanda yalan olduğunu dedi. Mən də səs yazısını yaydım”.
Əvəz Zeynallının vəkili Rəşad Əliyev şahid Eynulla Fətullayevə suallar ünvanlayıb:
“Axı, siz status yazdınız ki, pul qayıtdı. Ondan sonra səs yazısını yaydınız. Bu məsələ necə olub?”.
Eynulla Fətullayev:
“Elçin Sadıqov zəng edib dedi ki, pul qayıtdı. Mən də status yazdım. Sonra Mehriban xanıma zəng edib soruşanda yalan olduğunu dedi. Elə buna görə mən də səs yazısını yaydım. Elçin bu səs yazısından sonra pulu qaytardı.
Mənim məqsədim tək pulun qaytarılması idi. Çünki Rasim ailəsini mənə əmanət edib getmişdi. Mənə pis təsir edirdi bu hadisə. Rasim eşitsə idi, düşünməzdimi Eynullanın da bu pulda əli var?”.
Eynulla Fətullayev pulu qaytarandan sonra özünün də günahlandırıldığını açıqlayıb:
“Pulu qaytardı Elçin. Sonra başladı məni də günahlandırmağa. İddia edirdi ki, mən Rasim Məmmədovun ailəsinə qarşı qara piar aparıram”.
Əvəz Zeynallıya sual haqqı verilib:
“Bura deməzlər amma xoş gəlmisən, ay Eynulla. Uzun müddət sonra görüşdük. Onu deyim ki, mən rüşvət ala bilmərəm. Elə hüququm yoxdur. Eynulla, səsi sənə kim göndərib?”.
Eynulla Fətullayev:
“Mehriban. Rasim Məmmədovun yoldaşı”.
Hakim suala etiraz edib.
Əvəz Zeynallı:
“Niyə coşmusunuz? Sizin qoyduğunuz qanundu da”.
Eynulla Fətullayev vəkil Elçin Sadıqovun hər görüşdə hamı ilə səs yazısı yazdığını deyib.
Əvəz Zeynallı buna qarşılıq olaraq:
“Sənin dostundu da. Səs yazır”.
Eynulla Fətullayev:
“Mənim yox, sənin yoldaşındı” (Gülür).
Hakim istintaqdakı ifadənin elan olunmadığı üçün verilən sualı çıxarıb.
Əvəz Zeynallı:
“Nəfəs alın, ay hakim. Nəfəs alın. Eynulla bəyin mətbuatda yaydığı yazılar olmasaydı Əvəz Zeynallı tutulmazdı. Eynulla orda qeyd edib ki, Əvəz sövdələşməni pozub. Axı mən sövdələşmə pozan deyiləm. Niyə məndən soruşmadın pul aldığımı?”.
Eynulla Fətullayev:
“Mən 2 mənbədən dəqiqləşdirdim. Evimin içi dedi ki, 20 min Əvəz Zeynallıya verdim. Bundan sonra sizə zəng eləmədim”.
Əvəz Zeynallı:
“Elə buna görə də səs yazısını yaydın. Məni də tutdular. Yaxşı benzin vura bilirsən məsələyə. Adətən pulu verəndən sonra zəng edib maraqlanarlar da”.
Hakim Əli Məmmədov:
“Adətən elə olur, ay Əvəz?” (Gülür).
Məhkəmənin növbəti iclası oktyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.(Lent.az)