
Professor Mədət Həsənbəyli işdən evə qayıdanda şəhər artıq gecənin qaranlığına
bürünmüşdü. O, soyuq payız küləyinin qulağına pıçıldadığı xışıltıya diqqət kəsilə-kəsilə
addımlayırdı. Ayaqları onu evə aparsa da, ürəyi hər addımda geri çəkilirdi. Şəhərin boş
küçələrində yol boyu sıra ilə düzülmüş yaraşıqlı dirəklərdən sallanan lampaların titrək
işıqları sanki yolunu kəsir, pıçıltı ilə ona “tələsmə” deyirdi. Binaların pəncərələrindən
süzülən zəif işıqlar isə professora öz evindəki sükutun ağır nəfəsini xatırladırdı.
Əvvəlki illərdən fərqli olaraq o, işdən çıxandan sonra evə getməyə heç də tələsmirdi.
Yeridikcə öz-özünə pıçıldayırdı; Allah pis övladın üzünü qara eləsin!
Gözünün ağı-qarası olan yeganə oğlu nəinki evə getmək , hətta onun yaşamaq
həvəsini öldürmüşdü. Bu səbəbdən səhərə kimi şəhərin küçələrində dolaşmaq, yorulanda
isə parklardakı qara rəngli oturacaqların birində əyləşib dincini almaq keçirdi könlündən.
Hətta qınayan olmasaydı elə bu oturacaqlarda uzanıb səhərə kimi yatardı. Ən azından
burada əsəbləri sakit olar, stress yaşamazdı.
Professorun evinin nizamı çoxdan pozulmuşdu və bu məsələdə ən böyük günahkar
özünü sayır, harada və nə zaman zəflik göstərdiyini özlüyündə araşdırırdı. Ailəsindəki
sakitlik ilk baxışda rahat görünürdü, amma bu sakitlik gərginlikdən doğulan, nəfəsi
tutulmuş bir sükuta bənzəyirdi.
Leyla universitetdən gələndən kitablarla dolu olan otaqda əyləşib ingilis dilindən
etdiyi tərcümələr üzərində çalışırdı. O, məqalənin hər sözünü, hər cümləsini dəqiqliklə
seçir, mənasına diqqət yetirirdi. Amma onun gözləri kitaba dikilsə də, ürəyi qardaşının
yanındaydı. Rəşidin davranışı, həyat tərzi son vaxtlar evin bünövrəsini zədələmiş,
havasını zəhərləmiş, ailənin hüzurunu pozmuşdu.
Rəşid uca boylu, sağlam bədənli, yaraşıqlı, sakit təbiətli, savadlı və müasir
düşüncəli bir oğlan idi. Bütün yaşıdları kimi onun da öz dünyası vardı. İntellekt səviyyəsi
yüksək olduğundan onunla istənilən mövzuda söhbət etmək, fikirlərini dinləmək hər kəsə
maraqlı gəlirdi. Valideynləri universiteti qurtarandan sonra Rəşidi akademik uğurlara
yönəltmək haqqında düşünür və onun elm sahəsində böyük nailiyyətlərə nail olacağına
inanırdılar. Anası onu atası kimi alim görmək istəyir, gələcəkdə universitetlərin birində
çalışmasını arzulayırdı. Amma sən saydığını say…
Rəşidin təzə dostlarına qoşulduqdan sonra narkotikə qurşanması səbəbindən həyat
tərzini dəyişməsi, dərsəlrə getməməsi onun universitetdən qovulmasına gətirib çıxartdı.
Bütün bu olanlar isə içində qəzəb və boşluq yaradır, tədricən onu qaranlıq bir yola
çəkirdi. Əslində onu qaranlıq yola altı ay əvvəl təsadüfən tanış olduğu dostları çəkmişdi.
Bu dostluğun ömrü heç də uzun olmadı. Rəşid, cibindən pullar tükəndikcə, ətrafında olan
dostlarının sayı da günbəgün azaldığının fərqindəydi. Tək qaldığını görsə də, heç kimə və
hətta ailəsinə belə lazımsız olduğunu anlasa da, artıq geriyə addım atmaq gücündə
deyildi. Ailəsi onun müalicəsinə nə qədər cəhd göstərsələr də o, iradəsinin zəifliyindən
dəfələrlə müalicəni yarımçıq saxlamışdı. Ehtiyacı olan narkotik maddələri almaq üçün
aradabir evin dəyərli əşyalarını satmağa və ailə büdcəsinin pullarını gizlicə götürməyə
başlamışdı. İlk günlərdə bu kiçik oğurluqlar onu təmin etsə də, zaman keçdikcə
anasından daha böyük məbləğlər tələb edirdi və bu artıq mütamadi hal almağa
başlamışdı. Hər dəfə pulları əldə etdikdən sonra, içindəki boşluq daha da böyüyürdü.
Bu gün yenə Rəşid həmişəki kimi evdə səs-küy salaraq anasından pul tələb edirdi.
Gülər xanım isə oğlunu sakitləşdirməyə çalışır, göz yaşlarını silə-silə ona yalvarırdı:
– Rəşid, dayandır bu işləri, biz sənə kömək etmək istəyirik, oğul!
Rəşidin gözlərində mərhəmət işığı yox idi. Onun baxışları bir insanın içində ola
biləcək ən soyuq boşluğu və qaranlığı əks etdirirdi.
Professor işdən gəldikdə evində xoş olmayan səhnəylə üzləşdi. Qızı Leyla qorxmuş
halda divanda büzüşmüş, arvadı isə ağlayaraq oğluna yalvarırdı. Rəşid anasının
dediklərinə əhəmiyyət verməyərək ondan pul tələb edirdi. Bütün bunları görən professor
dərindən nəfəs aldı və səsini ucaltmadan baxışlarını sərt şəkildə oğluna yönəltdi:
– Sən bu andan bizim ailənin üzvü deyilsən! Mən səni artıq nəinki evdə, heç binamızın
həndəvərində belə görmək istəmirəm!
Atasının dediyi sözlərdən diksinən Rəşid sussa da, baxışlarında qəzəb və nifrət
sezildi. Bütün bu olanlardan qəddi əyilmiş, ayaq üstə dayanmağa çalışan professor artıq
son qərarını verdi:
– Belə oğul bizim ailəyə lazım deyil. Sən bizim ailəyə ləkəsən. Rədd ol, bu evdən!
Rəşid qapını arxasınca möhkəm çırparaq evdən çıxdı. Çırpılan qapının səsi evdəki
qaranlığı daha da dərinləşdirdi. Leyla ağlayan anasını qucaqlayaraq onu ovundurmağa
çalışır və eyni anda ürək ağrısı ilə atasının üzündəki kədəri izləyirdi. Onun üçün həyat
artıq qalın üz qabığı olan bir kitab kimi açıq idi, amma qardaşı səhifələrini yandırmışdı.
Evdən çıxandan sonra Rəşidin həyatı tamamilə qaranlıq boşluğa çevrildi. O,
tanışlardan, qohumlardan borc pul almağa çalışır, narkotik əldə etmək üçün hər yolu
sınayırdı. Hər istifadədən sonra içindəki boşluq daha da böyüyürdü. Artıq o, nəinki
ailəsini, dostlarını, hətta özünü itirmişdi. Narkotikə qurşandığı gündən onun həyat
leksikonundan şəxsiyyət anlayışı, ləyaqət sözü silinmiş və dəyərsizləşmişdi. Onun bu
hala düşməsi bütün ailəni sarsıtmışdı. Şəkər xəstəliyindən əziyyət çəkən professor, ağır
emosional stress halında, qəzəb içərisində yaşayırdı. Anası isə hər gecə yataq otağına
çəkilib xısın-xısın ağlayır, oğlunun bu hala düşməsində özünü günahlandırırdı. Leylanın
da bacı kimi ürəyi qan ağlayırdı, qardaşının taleyi onu narahat edirdi. Bir vaxtlar şux və
gülərüz qadın olan anasının həm mənəvi, həm də fiziki cəhətdən bükülməsi, elm
aləmində söz sahibi olan, lakin öz evində kədərlə susan atasına qarşı həyatın ədalətsizliyi
onu sıxır, ürəyini ağrıdırdı. Bütün günü başını kitablarla qatırdı. Tərcümələri onun üçün
bir sığınacaq, dünyaya çıxış yoluydu. Bütün bunlara baxmayaraq bir anlıq da olsa qardaşı
onun fikrindən çıxmırdı. Hər yerdə gözü onu axtarır, onu düşünürdü. Qardaşı nəinki
ailəsindən uzaqlaşmış, bir məhlədə böyümüş dostları, qohumları və hətta ailənin yaxın
çevrələri ilə də əlaqəni tamamilə kəsmişdi.
Ağır və çətin olsa da professorun ailəsi öz sevincsiz həyatını yaşayırdı. Onları bu
həyatı yaşamağa bir vaxtlar evlərinin sevinci olan Rəşid məhkum etmişdi.
Rəşid üçün isə həyat artıq sonu görünməyən qaranlıqda davam edirdi. Bu onun öz
ağlının seçimi idi. Qarşıda işıq belə sezilməyən, qayıdışı və sabahı məlum olmayan
mənasız bir yolun yolçusuna çevrilən Rəşidi, indi təkcə özünün qara kölgəsi izləyirdi.
Uzanan qara kölgə ondan uzun, ondan ağır idi və haraya getsə ardınca sürünəcəkdi.
Arif Ərşad
Bu gün, 11:27
107