
Sumqayıt şəhərinin 19-cu məhəlləsi, 5/26 nömrəli binanın sakinləri həyətlərində yerləşən kanalizasiya lükünün uzun müddətdir qapaqsız qalmasından şikayətlənirlər.
Bu barədə Sumqayit.tv-yə daxil olan müraciətdə bildirilir ki, sözügedən lükün qapağı illərdir yerində deyil və sakinlər təhlükənin qarşısını almaq üçün onu primitiv üsulla taxta parçası ilə örtməyə çalışıblar.
Sakinlərin sözlərinə görə, yay mövsümünün başlaması və havaların istiləşməsi ilə əlaqədar kanalizasiya xəttindən ətrafa kəskin qoxu yayılır. Bu isə həm binada yaşayan insanların gündəlik həyatına mənfi təsir göstərir, həm də ərazidə antisanitar vəziyyət yaradır.
Müraciətdə qeyd olunur ki, açıq lük xüsusilə həyətdə oynayan uşaqlar üçün ciddi təhlükə mənbəyidir. Bundan əlavə, binanın kanalizasiya sisteminin də köhnəldiyi və uzun illərdir yenilənmədiyi iddia edilir.
Sakinlər bildirirlər ki, əraziyə yaxın ictimai obyektlərin yerləşməsi və problemin Azərbaycan prospektinin ümumi görünüşünə mənfi təsir göstərməsi də narahatlıq doğuran məsələlərdəndir.
Vətəndaşlar aidiyyəti qurumların məsələyə diqqət ayıraraq problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəyinə ümid etdiklərini bildirirlər.
Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların açıqlamasını təqdim edə bilərik.

Bu gün, 10:47
11