
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən 56 nömrəli binanın yaxınlığında təhlükəli vəziyyət yarandığı bildirilir.
Bu barədə Sumqayit.tv-yə müraciət edən sakinlərin sözlərinə görə, illər əvvəl əkilmiş söyüd ağacının bir hissəsi bir neçə gün öncə aşaraq yolun üzərinə düşüb. Hadisə zamanı ağacın yaxınlıqda olan bir sakinin üzərinə düşmək təhlükəsi yarandığı, xoşbəxtlikdən xəsarət alanın olmadığı qeyd olunur.
Sakinlər bildirirlər ki, hadisədən sonra əraziyə aidiyyəti qurumun əməkdaşları gəlsələr də, aşmış ağacın hissələri ərazidən götürülməyib, sadəcə yolun kənarına yığılıb. Artıq bir neçə gündür ki, qırılmış ağac qalıqları həmin ərazidə qalmaqda davam edir.
Vətəndaşların sözlərinə görə, əsas təhlükə isə ağacın hələ də ayaqda qalan hissəsi ilə bağlıdır. Belə ki, çürümüş vəziyyətdə olan ağacın qalan hissəsinin yalnız yaxınlıqdan keçən qaz borusuna söykəndiyi üçün aşmadığı iddia edilir. Sakinlər hesab edirlər ki, ağacın tamamilə aşması həm insanlar, həm də qaz xətti üçün ciddi təhlükə yarada bilər.
Ərazi sakinləri aidiyyəti qurumlardan aşmış ağac qalıqlarının götürülməsini və təhlükə yaradan ağacla bağlı təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd edək ki, redaksiyamız məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.
Bu gün, 10:27
7