
Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin idarə heyətinin üzvləri və gənclər təşkilatının nümayəndələri görkəmli dövlət xadimi, yazıçı-dramaturq, publisist və ictimai xadim Hidayət Orucovun məzarını ziyarət ediblər.
Suqmayit.tv xəbər verir ki, anım mərasimi zamanı Hidayət Orucovun əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbir iştirakçıları onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, zəngin ədəbi irsi və ictimai-siyasi fəaliyyəti ilə ölkənin ictimai fikir həyatına verdiyi töhfələri minnətdarlıqla xatırlayıblar.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov bildirib ki, Hidayət Orucov ömrünü xalqına və dövlətinə xidmətə həsr etmiş görkəmli ziyalılardan biri olub. O qeyd edib ki, Hidayət Orucov müxtəlif məsul dövlət vəzifələrində çalışdığı dövrdə milli maraqların müdafiəsini daim ön planda saxlayıb, Azərbaycançılıq ideologiyasının təbliği və milli birlik dəyərlərinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərib.
Ramiz İsmayılov vurğulayıb ki, Hidayət Orucov Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, onların tarixi yaddaşının yaşadılması və doğma yurdlarına qayıdış hüququnun beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl mövqe nümayiş etdirib. Onun bu sahədəki fəaliyyəti Qərbi Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına və milli yaddaşın qorunmasına mühüm töhfə verib.
Bildirilib ki, Hidayət Orucovun zəngin ədəbi yaradıcılığı, publisistik irsi və ictimai-siyasi fəaliyyəti Azərbaycan cəmiyyətində hər zaman yüksək qiymətləndirilib. Doğma yurd yerlərinə bağlılığı, milli kimliyin qorunmasına verdiyi töhfələr və vətənpərvərlik mövqeyi onu təkcə dövlət xadimi kimi deyil, həm də milli düşüncənin daşıyıcısı olan görkəmli ziyalı kimi yaddaşlarda yaşadır.
Sonda tədbir iştirakçıları Hidayət Orucovun xatirəsinin daim əziz tutulacağını, onun dövlətçilik ənənələrinə sadiqliyinin, milli-mənəvi dəyərlərin qorunması və Qərbi Azərbaycan irsinin yaşadılması istiqamətində gördüyü işlərin gələcək nəsillər üçün örnək olduğunu bildiriblər.









Bu gün, 12:27
22