Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhərində 25 saylı xətt avtobusunda sərnişinlər - şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Cabbarov münaqişə zəminində həmyerlisi Elşad Muradovu bıçaqla qətlə yetirib. Bu zaman onları ayırmaq istəyən şəhər sakini Mikayıl İsmayılov da əlindən bıçaq xəsarəti alıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Cabbarov saxlanılıb.
İstintaqa ifadə verən Elşən Cabbarov bildirib ki, 1995-ci ildə Sumqayıt şəhərində münaqişə zəminində yeznəsi Sənanı bir nəfər onun yanında vurduğuna görə həmin şəxsə bıçaqla xəsarət yetirib və Rusiyaya qaçıb.
2003-cü ildə axtarışda olduğu üçün həbs edilib və Azərbaycana ekstradisiya olunmaqla məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 4 il 9 ayını çəkib 2007-ci ildə azadlığa çıxıb.
2010-cu ilin noyabr ayında ikinci dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşından anadan olan oğlu Rüfət onlarla yaşayıb. Ev təmiri ilə məşğul olaraq ailəsini dolandırıb.
Hadisə baş verən günü həyat yoldaşı ilə birlikdə atasının yaşadığı evə getmək üçün 25 saylı avtobusa miniblər. Arvadı sürücünün arxasındakı oturacaqda əyləşib. O, isə həyat yoldaşının başının üstündə tutacaqdan tutub dayanıb. Sürücü arxada boş yer olduğunu söyləməklə orada əyləşməyi təklif edib. Bu səbəbdən o, arvadının oturduğu sıranın arxasında yaşlı kişinin yanında əyləşib.
Elşən Cabbarov bildirib ki, avtobus bazarın yanına çatanda gödəkcəsinin sağ cibinə kiminsə əlinin girdiyini hiss etdiyi üçün arxaya çevrilərək cəld onu tutub saxlayıb. Cibinə onun sağ tərəfində tək sırada əyləşən əvvəllər tanımadığı istintaq zamanı adını bildiyi Elşad Muradov girib. Sonuncu pərt olub, Elşənə telefonun düşür deyib. Cavab olaraq Cabbarov telefonu düşəcəyi halda özü götürəcəyini dedikdə, Muradov kobud şəkildə ümumiyyətlə, onun kim olmasını və nə demək istədiyini soruşub. Elşən onunla hər hansı bir söhbət eləmək istəmədiyini və ailəsi ilə yol getdiyini bildirəndə, Elşad ondan telefon nömrəsini istəyib. Cabbarov ona nə səbəbə görə nömrə verməli olduğunu deyəndə, Muradov qarşısında əyləşən, sonradan adını bildiyi Ceyhun Məmmədova “qoy ailəsini ötürsün, biz onun arxasınca gedib söhbətimizi edərik” söyləyib. Amma həmin oğlan buna etirazını bildirib.
“Hiss elədim ki, cibimə kimsə girdi. Elə bil ki, dostuna nəsə deyə-deyə, əlini atır mənim cibimə. Cibimdə əlini tutdum. Gördüm pərt oldu. Mənə dedi ki, telefonun yerə düşür. Dedim, düşər özüm götürərəm, sən narahat olma. Əlin atdı çiynimə, başladı sən kimsən, nə demək istəyirsən. Dedim, əlini çək söhbəti uzatma. Məndən nömrəmi istədi. Dedim, vermirəm sənə nömrəmi. Mən ailəmlə gedirəm. Dedi, onda mən səninlə gedirəm, sən ailəni yola sal, söhbətimizi davam eləyək”.
Bundan sonra Elşad söyüş səyərək ayağa qalxıb və sağ əlini gödəkçəsinin cibindən çıxarıb. Elşən onun əlində bıçağın tiyəsini görüb. Muradov başı ilə onun alın nahiyəsindən bir zərbə vurub. Ardınca bıçaq olan əli ilə onun sol üz nahiyəsinə yumruq atıb. Cabbarov onun əllərindən tutduqda, sürücü avtobusu qəflətən saxlayıb. Bu səbəbdən hər ikisi müvazinətlərini itirərək orta oturacaqların birinə dəyiblər. Daha sonra sürücü aralarına girərək onları ayırmağa çalışıb. Gözlənilmədən Elşad Muradov onun üstünə sonra isə yerə yıxılıb. Döşəmədə qan ləkələri görən Elşən yerə düşən bıçağı götürüb və yoldaşına avtobusdan düşməsini bildirib. Elşən Cabbarov ifadəsinin davamında bildirib ki, əvvəl özü sonra isə arvadı avtobusdan düşəndən sonra Gənclik parkına tərəf gediblər. Arxadan onu kimsə çağırıb, səsləyən şəxsin Elşad Muradovla olan digər şəxslər ola biləcəyindən qorxaraq park istiqamətində qaçıb. Amma ayağı dəmir çərçivəyə ilişdiyindən yerə yıxılıb və arxasınca gələn polis əməkdaşları onu tutublar.
Əlindəki bıçağı parkın ərazisində tullayıb.
Məhkəmə prosesində Elşən Cabbarov ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə prosesində şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri dinlənilib.
Sonda məhkəmənin hökmü ilə Elşən Cabbarov 13 il müddətinə azadlıqdan məhrum olunub.