Oğul var ki, ürəyi son nəfəsədək Vətən sevgisi ilə döyünür, qeyrətlə yaşamaq, həyatda şərəfli iz qoymaq onun əsas amalına çevrilir. Döyüş meydanında düşmən üzərinə qorxmadan atılan, sinəsini güllə və mərmiyə sipər edən, öz igidliyi ilə ailəsini, el-obasını qürurlandıran da məhz belə oğuldur.
44 günlük Vətən müharibəsində neçə-neçə vətənpərvər və döyüşkən gəncimizi itirdik. Onların yeri cəmiyyətdə həmişə görünəcək. İşğalçı Ermənistan havadarlarının dəstəyinə baxmayaraq, bizim gücümüz, qətiyyətimiz, intiqam hissimiz qarşısında dayana bilmədi. Həyat göstərdi ki, Vətən müharibəsi aparan xalq qalibiyyətə qadirdir.
Qarabağda zəfərimiz naminə canını fəda edən hərbi qulluqçularımızdan biri də baş çavuş Allahyarov Vüsal Şakir oğludur. O, 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində doğulub. Şakir Allahyarov və Nərgiz Allahyarovanın iki oğul övladından böyüyü idi. Vüsalın Vüqar adlı, 1991-ci il təvəllüdlü qardaşı var. Allahyarovlar ailəsində olarkən Vüsalın ömür yolu haqqında ətraflı söhbət etdik, xeyli maraqlı məqam barədə danışdıq. Valideynləri zəhmətkeş insanlardır. Atası Sumqayıtdakı ayrı-ayrı müəssisələrdə fəhlə işləyib, hazırda pensiyaçıdır. Anası isə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında kiçik tibb işçisidir. Qardaşı Sumqayıt Texnologiya Parkında işləyir.
Bu ailə əslən Coratdandır. Sumqayıt yaxınlığında yerləşən Corat qədim tarixi, özünəməxsus ənənələri olan kənd kimi tanınıb, hazırda bura qəsəbədir. Allahyarovlar ailəsi qəsəbənin bağlar massivində yaşayır. Vüsal yerli sakinlərin yaddaşında ədəb-ərkanlı, təmkinli, inanclı, xeyirxah, öz çevrəsində yaxşı yoldaşları olan gənc kimi qalıb. Sumqayıt şəhərindəki 9 saylı tam orta məktəbdə oxuyub. Məktəbdə müəllimlərin və şagirdlərin hörmətini qazanıb. Təhsil ocağının ictimai həyatında fəal olub, təşkilatçılıq qabiliyyəti ilə seçilib.
Yeniyetməlik çağından Vüsal idmanın cüdo növünə maraq göstərib. O vaxt Sumqayıtdakı “Dinamo” İdman Cəmiyyətinə məşqlərə gedib. Məşqçisi İbrahim İbrahimov onun bacarıqlı idmançı kimi yetişməsində əməyini əsirgəməyib. Müxtəlif yarışlarda iştirak edən Vüsal tatami üzərində öz məharəti ilə fərqlənib. Azərbaycan cüdosunun 30 illiyinə həsr olunmuş açıq birincilikdə 3-cü yerə sahiblənərək fəxri fərmanla mükafatlandırılıb.
Orta məktəbdə oxuduğu illərdən Vüsal hərbçilərə rəğbətlə yanaşıb. Özünün də hərbi forma geyinəcəyi günü səbirsizliklə gözləyib.
Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn və atəşkəs illərində boya-başa çatan gənc nəslin nümayəndəsi kimi Vüsalın dünyagörüşünə, mənəvi aləminə bu reallıq təsirsiz qalmayıb. Həmin müharibədə qohumu Cavid Haqverdiyev şəhid olub. Şəhidlik və qazilik məqamları haqqında söhbətləri həmişə çox həssaslıqla dinləyib.
2008-ci ilin iyul ayından 2010-cu ilin yanvar ayınadək Vüsal Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Gədəbəy rayonunun ərazisində, düşmən ölkə ilə sərhəddə torpaqlarımızın müdafiəsində dayanarkən “İstiqlal” snayper tüfəngi ona təhkim olunub. Ordumuzun belə bir silahının olmasından qürur duyub.
Öz müraciəti əsasında 2011-ci ilin 3 may tarixindən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Beləliklə, Vüsal hərbçi həyatı yaşamağa qərar verib. 2018-ci ilin yanvar ayının 6-dək Quba rayonunda fəaliyyət göstərən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, snayper, yarımqrup komandiri, snayper qrupunda yarımqrup komandiri vəzifələrində xidmət edib.
“Zoğalı beret” peşə hazırlığı sınaqlarında müvəffəqiyyət qazandığına görə Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının 16 sentyabr 2016-cı il tarixli müvafiq əmrinə əsasən, Vüsala zoğalı beret daşıma hüququ verilib. Bu, xüsusi təyinatlını xidmətdə yeni nailiyyətlər qazanmağa ruhlandırıb.
2017-ci ilin avqust ayında Vüsal Türkiyə Respublikasına göndərilərək, 2018-ci ilin yanvar ayınadək bu ölkənin Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Foçadakı Komando Məktəbində komando təməl kursu çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə təlim mərhələlərindən keçib.
2018-ci ilin yanvar ayının 6-dan qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətini davam etdirərək, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsinə təyin olunub. Hərbi xidməti dövründə “baş çavuş” hərbi rütbəsinədək yüksəlib, funksional vəzifələrinə, qarşıya qoyulan tapşırıqlara məsuliyyətlə yanaşaraq komandanlığın etimadını doğruldub. Dəfələrlə mükafatlandırılıb. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 27 iyun 2020-ci il tarixli müvafiq əmrinə əsasən, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.
Xüsusi təyinatlı dəstənin hərbi qulluqçusu olaraq Vüsal daim özünü döyüş sınağına hazırlayıb. Təlimlərdə taktiki hazırlıq üzrə biliklərə, silahların xüsusiyyətlərinə dərindən yiyələnməyə çalışıb. Yarımqrup komandiri olaraq tabeliyindəki hərbi qulluqçulara da bunu aşılayıb.
2020-ci ilin 27 sentyabr tarixində Vətən müharibəsi başladıqda Daxili Qoşunların şəxsi heyəti ön cəbhənin müxtəlif istiqamətlərində döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunub. Daxili Qoşunların Lənkəran rayonundakı “N” saylı hərbi hissənin xüsusi təyinatlıları müharibənin ilk günündən qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinə göndərilərək bir müddət burada yerləşdiriliblər. Döyüşlərdə iştirak etmək üçün hazırlıq görülüb. Oktyabr ayının ortalarında isə Füzuli rayonunun ərazisinə gəliblər. Vüsalın silahdaşları ilə birgə döyüş yolu bu rayondan başlayaraq Şuşayadək davam edib.
Lənkərandakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Cavid Tağıyev bildirdi ki, Vüsal nizam-intizamlı, vətənpərvər əqidəli, öz bilik və bacarıqlarını artırmaq üçün çalışan hərbi qulluqçu olub. Yarımqrup komandiri kimi də tabeliyindəki şəxsi heyətə hər cəhətdən nümunə idi. Vətən müharibəsində igid və peşəkar xüsusi təyinatlı olaraq düşmənə qarşı mətinliklə vuruşub.
Bərdə rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri, Vətən müharibəsi iştirakçısı kapitan Taleh Rüstəmli məlumat verdi ki, Vüsal onun tabeliyində xidmət edib. 2014-cü ildən tanıdığı Vüsalı cəsarətli, iradəli, döyüş qabiliyyətli hərbi qulluqçu kimi xarakterizə edərək, yarımqrup komandiri vəzifəsində müsbət fəaliyyətini vurğuladı. Nəzərə çatdırdı ki, ön cəbhədə də Vüsalın komandiri olub. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birgə Füzuli-Xocavənd rayonları və Şuşa şəhəri istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetiriblər. Zabit qeyd etdi ki, Vüsal döyüşlərdə tabeliyindəki xüsusi təyinatlıları inamla öz arxasınca aparıb, eyni zamanda, onları mümkün olduğu qədər qoruyub. Torpaqlarımızın işğaldan azad olunması üçün öz canı bahasına etdiyi fədakarlıq heç vaxt unudulmayacaq.
Vətən müharibəsi qazisi, II qrup əlil İlkin Abuyev Vüsalın silahdaşlarından biridir. Müharibənin hər üzünü görüb. Şuşayadək döyüş yolu keçib. Bildirdi ki, Füzuli rayonu ərazisində düşmənin gücləndirilmiş müdafiə mövqelərindən birinə hücum edərkən 14 nəfər döyüşçüdən ibarət qrup pusquya düşüb. Həmin qrupun tərkibində Vüsal da vardı. Təcavüzkarın müxtəlif silahlardan şiddətli atəş açması nəticəsində bəzi hərbi qulluqçularımız şəhid olub və yaralanıblar.
İlkin Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmuş ərazilərində müdafiə mövqelərində dayandıqlarını da söylədi. İşğalçıların diversiya-kəşfiyyat qruplarının bu ərazilərə sızmasının qarşısı alınıb.
Qazi Şuşa uğrunda ağır döyüşlərin getdiyini diqqətə çatdırdı. Şəhərə yaxınlaşmaq üçün Xocavənd və Xocalı rayonlarının çətin keçilən dağlıq əraziləri ilə bir neçə gün hərəkət ediblər. Şuşa ətrafında müxtəlif çaplı atıcı silahlardan atəş zərbəsi endirməklə işğalçıların postlarını susdurublar, bir neçə hərbi avtomobil texnikasını sıradan çıxarıblar. Bu döyüşlərdə də Vüsal cəsurluq göstərib, düşməni canlı qüvvə sarıdan xeyli itkiyə uğradıb. Noyabrın 5-dən 6-na keçən gecə döyüşçülərimizin bir qisminin mövqeləndiyi Şuşanın qala divarlarının ətrafına düşmən tanklardan atəş açıb, nəticədə partlayan mərmilər Vüsalı ağır yaralayaraq həyatına son qoyub, İlkinin isə sol qolunu dirsəkdən qoparıb. Digər hərbi qulluqçularımız da həmin yerdə şəhid olub və yaralanıblar.
Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin istehkamçı qrupunda sürücü, Vətən müharibəsi iştirakçısı çavuş Famil Məmmədovun Vüsalın həyatının son saatları ilə bağlı danışdığı bir epizod məni çox təsirləndirdi. Xüsusi təyinatlının sözlərinə görə, Vüsalın ürəyinə dammışdı ki, şəhid olacaq. Ölümündən təxminən bir neçə saat əvvəl Familə telefonunun kodunu bildirib və deyib ki, şəhid olsam, telefonu qardaşıma verərsən. Telefonundakı bəzi şəkilləri Familə göstərib. Şəhid olduqda üstündə telefon yox idi, tank mərmiləri partlayan ərazidə isə telefon parçaları tapılıb. Famil Vüsalın “şəhid olsaq, şəhadətə yüksələcəyik, amma ailəm üçün nigaranam” sözlərini də xatırladı.
Qeyd edim ki, Şuşa yaxınlığında şəhid olanlardan biri də Familin xalası oğlu çavuş Afər Orucovdur.
12 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə Vüsalın 9 noyabr 2020-ci ildə Şuşada hərbi əməliyyat nəticəsində baş beynin diffuz travması, qəlpələrlə zədələnmələr səbəbindən şəhid olduğu barədə qeydlər öz əksini tapıb.
Şəhid hərbi qulluqçumuz 2020-ci il noyabrın 12-də Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 9 dekabr 2020-ci il, 15 dekabr 2020-ci il, 25 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş V.Allahyarov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Türkiyə DİN-in Jandarm Baş Komandanlığının Foça Komando Məktəbində Vətən müharibəsində şəhid olan azərbaycanlı məzunların xatirəsinə abidə ucaldılıb.
Allahyarovlar ailəsinin təşəbbüsü ilə Coratda şəhidin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Ailənin yaşadığı evin yerləşdiyi küçə Vüsalın adını daşıyır. Mər-humun həm öz evində, həm də valideynlərinin yaşadıqları evdə onun xatirə guşəsi düzəldilib.
Sumqayıtdakı 9 saylı tam orta məktəbin şəhid məzunlarının xatirəsinə foto-stend hazırlanıb. Bu məktəbin 11b sinfinə, Corat qəsəbəsindəki 7 saylı tam orta məktəbin 3b sinfinə, Lənkəran şəhərindəki 10 saylı tam orta məktəbin 3a sinfinə şəhidin adı verilib.
Vüsal 2012-ci ilin aprel ayında Aysel xanımla ailə qurub. Fatimə və Rəhimə adlı övladları yadigar qalıb. Onlar məktəblidirlər. Aysel xanım bildirdi ki, Vüsal çox ailəcanlı, övladlarına qayğıkeş ata idi, onlarla bağlı arzuları vardı.
Vüsal hərbi xidmət zamanı öz maaşından uşaq evinə maddi yardımlar edib, köməyə ehtiyacı olan insanlara dəstəyini əsirgəməyib.
Doğmaları, dostları, silahdaşları, müəllimləri və məşqçiləri şəhidin işıqlı xatirəsini daim yaşadacaqlar.
Qəbrin nurla dolsun, qalib döyüşçü! Allah rəhmət eləsin!