
Bu gün fiziki tərbiyə fənni üzrə ilk dəfə keçirilən sertifikasiya imtahanında Gəncə şəhərində fəaliyyət göstərən fiziki tərbiyə müəllimi Murad Məmmədov ən yüksək nəticələrdən birini əldə edib. O, 60 sualdan 58-nə düzgün cavab verərək 58 bal toplayıb. Səhv cavablandırdığı 2 sualın isə diqqətsizlikdən qaynaqlandığı bildirilib.
Hazırda Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində və Gəncə şəhər 26 nömrəli Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Məktəb-Liseydə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərən Murad Məmmədov artıq 10 ildir ki, təlimçilik fəaliyyəti ilə məşğuldur. Bu müddət ərzində onun hazırladığı 386 namizəd Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında uğur qazanaraq müəllim adını əldə edib.
Bu il ölkədə ilk dəfə təşkil olunan fiziki tərbiyə fənni üzrə sertifikasiya imtahanında Murad Məmmədov yalnız təlimçi kimi deyil, eyni zamanda hazırladığı müəllimlərlə birlikdə imtahan iştirakçısı kimi də yer alıb. Onun sözlərinə görə, imtahan sualları məzmun baxımından balanslı hazırlanıb və müəllimlərin bilik səviyyəsini obyektiv şəkildə qiymətləndirməyə imkan verib.
Ən diqqətçəkən nəticələrdən biri isə sertifikasiya imtahanına hazırladığı 317 müəllimin hər birinin test mərhələsini uğurla keçməsi olub. Həmin müəllimlərin böyük əksəriyyəti 56 və daha yüksək bal toplayaraq yüksək nəticələr nümayiş etdirib.
Murad Məmmədov sertifikasiya prosesinin şəffaf və peşəkar şəkildə təşkilinə görə Elm və Təhsil Nazirliyinə və Təhsil İnstitutuna təşəkkürünü bildirib. O, yüksək nəticə göstərən bütün həmkarlarını təbrik edərək, qarşıdakı müsahibə mərhələsində də onlara uğurlar arzulayıb.
Bu gün, 19:38
86