Avropa İttifaqının 100 nəfərlik (hələlik) patrul dəstəsinin ayağı Ermənistana dəyəndən bir neçə saat sonra silahlar işə düşdü. Bu fakt çox mətləblərdən xəbər verir. Həm də ondan xəbər verir ki, atan təkcə kazaklar deyil, Ermənistan ordusuna və Qarabağdakı erməni terrorçu dəstələrinə tətiyi çəkdirən həm də avropalı erməni aşiqləridir.Rəsmi məlumatı nəzərinizə çatdırırıq: Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan MR-nın Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Diqqət edin, 4 saatlıq müddətdə atəşkəs 15 dəfə pozulub, özü də Tovuzdan Sədərəyə, Kəlbəcərdən Şuşaya, Xocavəndədək! Ermənilər bu cəsarəti kimdən aldılar? Məlum. Avropadan gələn patrullar Ermənistanın hələ ermənilərin özlərinə hardan keçdiyi və keçəcəyi bəlli olmayan “sərhədləri” boyunca post qururlar. Erməni ordusuna gərginliyi tətikləmək komandası verilib ki, onların mövcudluğunun “zərurət” olduğu təsəvvürü yaransın. Yəni hansısa digər paytaxtlarda avropalı 50 silahlı+50 silahsız patrulun Ermənistana gəlişində başqa məqsəd axtaran olmasın, desinlər ki, gərək çoxdan postlarını tutaydılar, hələ gecikiblər. Eyni zamanda Qarabağdakı 10 minlik (!!!) qanunsuz erməni silahlı dəstələri, terrorçu birləşmələrin də Şuşa daxil, digər ərazilərimizdəki postlarımıza dil uzatması heç şübhəsiz Avropadakı ermənipərəst çevrələrin planı əsasında baş verib. Düzdür, Rusiya heç də “süddən çıxmış qaşıq” deyil və şimal qonşumuzun dabbaqda gönünə bələdik. Amma indiki durumda toqquşmaların baş verməsi Rusiyanın maraq dairəsində deyil, xüsusilə də Baydenin Kiyev səfərindən sonra, NATO-Rusiya toqquşmasının an məsələsinə çevrildiyi bir ərəfədə...Eyni zamanda Rusiya var gücü ilə Qarabağdakı status-kvonu saxlamağa çalışır ki, bölgədə “sülhün və təhlükəsizliyin qarantı” olduğunu isbatlaya bilsin. Diqqət etmirsinizmi, son aylarda həm ABŞ, həm Avropadan Rusiya hərbi kontingentinə yönəlik tənqidlər, Moskvanın bu bölgədə öz işinin öhdəsindən gələ bilmədiyi barədə eyhamlar davamlı xarakter alıb? Bu mənada Qarabağda silahların işə salınması sifarişi Qərbdən gəlib. Erməni separatçılar və onların himayəçiləri BMT statuslu “sülhməramlı” kontingentin bölgəyə yerləşdirilməsindən ötrü sinov gedir, rəsmi Moskva isə Qarabağdakı sülhməramlılarına BMT mandatının verilməsinə zərurət duymadığını nümayiş etmirəndən sonra ermənilər bu istiqamətdə daha çox canfəşanlıq edirlər, ATƏT-ə, Avropa İttifaqına, BMT-yə qarmaq atırlar, Laçın yolunun guya “bağlı” olması, Xankəndidə “fəlakət”in hökm sürməsi barədə illüziyalar yaratmaqla...Belə bir durumda Rusiya sülhməramlılarının olduğu bölgədə silahların işə düşməsi Rusiyanın öz işinin öhdəsindən gələ bilmədiyi barədə daha bir “arqument”in ortaya qoyulmasına bəhanə yaranmış olur. Bu qədər məkrli və hiyləgər plan. Yeri gəlmişkən, Rusiya hərbi kontingenti də fevralın 21-i gecəsi Ağdərə istiqamətində atəşkəsin pozulduğunu açıqladı, amma tətiyi kim çəkib, açıb-ağartmadı...
Bütün bunlar Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasından heç bircə gün də keçməmiş baş verdi. Rəsmi Bakının avropalı çağırılmamış qonaqlara münasibəti ilk gündən bəllidir. Vaxtilə bu mövzu gündəmə gətiriləndə Azərbaycan bəyan etdi ki, öz sərhədlərin daxilində hər hansı kənar qüvvələrin yerləşdirilməsinə zərurət görmür. Belə də olmalı idi, Azərbaycan 30 il ərzində Avropa təşkilatlarına dəfələrlə müraciət etdi ki, işğal zonasına qanunsuz məskunlaşma ilə bağlı araşdırma missiyası göndərin, nəticəsi olmadı. Livandan, Suriyadan terrorçuları da yığıb gətirmişdilər Azərbaycan torpaqlarına, bax, elə indi dillərdən düşməyən Laçın yolu ilə! Azərbaycan dövləti təkbaşına öz torpaqlarını azad etdikdən sonra YUNESCO-dan mədəni irsimizin məhvinə şahidlik etməsi üçün heyət göndərməsini istədi, bu dəfə də özlərini karlığa və korluğa vurdular. İndi avropalı patrulların bizim ərazimizdə nə işi var idi? Rəsmi Bakı təqribən bir ay əvvəl, Aİ məlum qərarını verərkən xəbərdarlıq etmişdi. Sitat: “Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir”.
Gəldikləri ilk gündə dərs çıxarmadıqlarını nümayiş etdirdilər, nə “patrul”lar, nə də erməni revanşistlər. Bundan əvvəl də Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi ki, Avropa İttifaqının “müşahidə” missiyasının regiona gəlişi vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Heç bir gün keçmədi, “müşahidə”çilər “tamaşa”ya baxdılar. Bəli, onlara “tamaşa” lazımdır, sakitliyin təmin olunası üçün gəlməyiblər ki. Sakitlik olacaqsa, daha onlara nə ehtiyac?
Burada erməni revanşistlərin də “gəlir-çıxarları” var, onlar da gərginliyin artmasında maraqlıdırlar. Neçə müddətdir ki, Azərbaycan və hətta Türkiyə “təhdidi” altında yaşadıqları barədə uydurmaları dünyaya yayır, “təhlükəsizlik təminatı” ilə bağlı şivən salırdılar. Baxın, Türkiyə heç bir şərt irəli sürmədən qapılarını Ermənistanın üzünə açıb, Azərbaycan Münhendə ən yüksək səviyyədə bəyan etdi ki, Laçın yolunun girişində, həmçinin Zəngəzur dəhlizinin hər iki başında sərhəd-buraxılış məntəqələrinin qoyulası, sərhədlərin delimitasiya və demarkasiyasını reallaşdırmaqla normal əlaqələrin bərpasında maraqlıdır, düşmənçiliyə son verilməsini istəyir...Amma Avropa deyir “yox e, hara tələsirsiniz, hələ biz indi gəlirik! Gəlib də sizi özümüz “barışdıracağıq”. Rusiya bacarmadı”. Barışdırmaq üçün də yenidən silahları işə salmaq lazım imiş görünür, fitil basıldı. Amma erməni revanşistlər hələ də anlaya bilmirlər ki, özlərini od-alovun içərisinə atırlar növbəti dəfə. Azərbaycan dəfələrlə bəyan edib, xəbərdarlığını edib, növbəti təxribatlar Ermənistan və Qarabağdakı separatçılar üçün ölümcül, olduqca dəhşətli ola bilər! Avropalı ermənipərəstlər 44 günlük müharibədə Ermənistanı Azərbaycanın əlindən ala bildimi, indi bacarsın? Heç şübhəsiz, Ermənistan hakimiyyəti düşünür ki, Avropa İttifaqının iki illik missiyasının ardınca Fransa jandramaları da gələcək, sabah gərginlik artıdığı halında patrulların daha böyük kontingentlə əvəzlənməsi “zərurəti”ni hayqıracaqlar, beləcə Ermənistan xilas olacaq. Heç şübhəsiz 20-ci əsrin əvvəllərindəki ssenarini təkrarlamaqdır məqsədləri. O zaman da alman, ingilis, fransızların dəstəyi ilə Azərbaycan ərazilərində Ermənistan adlı qondarma dövləti yarada bildilər, 21-ci əsrdə də eyni mərkəzlərin iştirakı ilə (s)“arsaq” quracaqlarını zənn edirlər, əbləhcəsinə!
44 günlük müharibədən sonra Rusiya hərbi kontingentinin kölgəsində gizləndilər. Elə bu günədək “rus çətiri” kara gəlir. Amma nankordurlar, Paşinyan kimi, Vardanyan-Arutyunyan cütlüyü də üzünü Avropaya çevirib son dönəmlər, daha rus bayraqları qaldırmıqlar. Düzdür, Arutyunyan və Vardanyanın dalınca qondarma rejimin oyuncaq “xarici işlər naziri” də Moskvaya getmişdi, hərçənd Zaxarova bu görüşün “şəxsi” olduğunu iddia edib. Rusiyadan fərqli olaraq, “demokratik” Avropa separatçı-terrorçu ermənilərlə nümayişkəranə görüşür. Diqqət edin:
Silahlar işə düşdüyü gün Avropa Parlamentində (!) “artsax dostluq qrupunun həmsədrləri” ilə separatçıların “xarici işlər naziri” Sergey Qazaryan arsında görüş olub. Məlumatda deyilir ki, Qazaryan Fransanın Avropa Parlamentinin deputatları, “Artsaxla Dostluq Qrupunun həmsədrləri” Silvie Guillaume və Fransua Alfonsi, ARF Hay Dat Avropa Ofisinin rəhbəri Qaspar Karampetyanın rəhbərlik etdiyi nümayəndə heyəti, ofisin direktoru Hegine Evinyan, Hay Dat mərkəzi ofisinin xüsusi proqramlarına cavabdeh Qevorq Qukasyanla görüşüb. “Görüş zamanı XİN rəhbəri Artsaxın Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində respublikanın üzləşdiyi çətinlikləri təqdim edib, Avropa Parlamentinin blokada ilə bağlı müvafiq qətnamənin qəbul edilməsi ilə bağlı parlamentarilərin prinsipial mövqeyini yüksək qiymətləndirib. Blokadanın aradan qaldırılması kontekstində Sergey Qazaryan Azərbaycana qarşı daha təsirli və səmərəli tədbirlərin, o cümlədən sanksiyaların tətbiqinin zəruriliyini vurğulayıb”-xəbərdə deyilir.
Bax, budur Avropa Parlamentinin siması! İndi o simanın təmsilçiləri bölgədə “asayişi təmin etməyə” gəlib. Özü də əvvəlcədən mülki xarakterli müşahidə missiyasının olacağını bəyan etdikləri halda, qəfildən üstlərində “silah tapıldı”.
Azərbaycanı haqq yolundan çəkindirəcəklərini zənn edirlər. Amma yaxın keçmişi unutmasınlar: komandoslarımız və xüsusi təyinatlılarımız üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur! Heç bir şübhəmiz yoxdur, əgər 21-indəki təxribat və təhdidlər davam edəcksə, düşmən sərt şəkildə cavablandırılacaq, adı “Qisas-2” olmaya bilər...
Rusiya hələ ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səviyyəsində “Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir”-deməklə kifayətlənib. Ondan əvvəl Sergey Lavrov Azərbaycanın bu missiyaya razılıq vermədiyini xatırlatmaqla ölkəmizə “pas” vermişdi. Amma görünür Rusiya “ikinci cəbhə”də döyüşmək istəmir. Amma...
Bu məqamda İranın mövqeyi heyrət doğurur. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran Tehran nədənsə Avropa emissarlarının, silahlı patrulların, Fransa jandarmalarının İranın qulağının dibinə yığışmasını sakitcə həzm edir. Hətta İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri dil boğaza qoymadan “Sünik İran üçün çox vacibdir” – deyirdi, hətta tez-tələsik Qafanda konsulluq açdılar. Amma ardınca da İrəvanla Avropa arasındakı hərbi əməkdaşlığa normal yanaşdıqlarını açıqladı. İsrailin Zəngilandakı camışlarını “raket” qiyafəsində görüb, yuxusunu qarışdıran İran rejimi nə karədirsə, onu məhv etmək istəyən Avropanın emissarlarının Zəngəzur dəhlizi tərəfə toplaşmasına reaksiya vermir...
Bir azdan bu planın “səsi” çıxacaq şübhəsiz, onda fars rejimi gerçək dostun və düşmənin kim olduğunu anlayacaq, Annanı məscidə apardığına görə başına döyəcək, amma onda çox gec olacaq...
Elşad Paşasoy,Musavat.com