
Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi bir daha təsdiq olunur. İlham Əliyev tərəfindən verilən son bəyanat, xüsusilə İtaliya Respublikası ilə münasibətlərin səviyyəsinə dair səsləndirilən fikirlər, artıq real güc balansının və qarşılıqlı etimadın təcəssümüdür.
Bu münasibətlər təsadüfi deyil. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri kağız üzərində qalmayıb – bu sənədlər bu gün konkret iqtisadi göstəricilərdə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda və siyasi dialoqda öz canlı ifadəsini tapır. Dövlətlərarası münasibətlərin ən mühüm göstəricisi olan etimad isə artıq faktlarla ölçülür.
İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Təxminən 12 milyard dollarlıq ticarət dövriyyəsi qarşılıqlı iqtisadi yaxınlığın göstəricisidir. Enerji sahəsində əməkdaşlıq isə bu münasibətlərin onurğa sütununu təşkil edir. Azərbaycanın qaz ixracında mühüm paya sahib olan İtaliya bazarı, eyni zamanda Avropanın enerji təhlükəsizliyində Bakının oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir.
Burada xüsusi olaraq Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin əhəmiyyətini vurğulamaq lazımdır. Bu layihə Avropanın enerji xəritəsini dəyişən geosiyasi təlabatdır. Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşan bu layihə, rəsmi Bakını etibarlı enerji tərəfdaşı kimi möhkəmləndirib. Bu gün isə artıq onun genişləndirilməsi məsələsi gündəmdədir ki, bu da əməkdaşlığın daha dərin mərhələyə keçdiyini göstərir.
Diqqət çəkən digər mühüm məqam isə Ciorcia Meloni tərəfindən nümayiş etdirilən siyasi jestdir. Onun regiona səfəri çərçivəsində əvvəlcə Ermənistanda beynəlxalq tədbirdə iştirak edib, dərhal sonra Azərbaycana gəlməsi, rəsmi Bakıya göstərilən xüsusi diqqətin və hörmətin açıq təzahürü kimi qiymətləndirilir. Bu, diplomatiyada incə, lakin olduqca güclü mesajdır: Azərbaycan regionun əsas tərəfdaşıdır.
İkitərəfli münasibətlər yalnız enerji və ticarətlə məhdudlaşmır. Hərbi-texniki əməkdaşlıq sahəsində atılan addımlar, birgə istehsal və texnologiya mübadiləsi perspektivləri münasibətlərin strateji dərinliyini daha da artırır. Bu isə o deməkdir ki, Bakı və Roma artıq yalnız tərəfdaş deyil, həm də təhlükəsizlik sahəsində ortaq maraqları bölüşən müttəfiqlərdir.
İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də bu əməkdaşlığın real iqtisadi bazasını formalaşdırır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr göstərir ki, İtaliya biznesi Azərbaycanın gələcəyinə inanır. Bu inam isə təsadüfi deyil – bu, sabitlik, siyasi iradə və uzunmüddətli inkişaf strategiyasına verilən qiymətdir.
Eyni zamanda humanitar və təhsil sahəsində əməkdaşlıq münasibətlərin ən davamlı sütunlarından biri kimi çıxış edir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti yalnız təhsil müəssisəsi deyil, həm də iki xalq arasında körpüdür. Bu gün orada təhsil alan yüzlərlə tələbə sabah bu münasibətlərin canlı daşıyıcılarına çevriləcək.
Bütün bu faktlar bir həqiqəti ortaya qoyur: Azərbaycan–İtaliya münasibətləri sadəcə tərəfdaşlıq deyil, qarşılıqlı etimada əsaslanan strateji ittifaqdır. Bu ittifaqın mərkəzində isə güclü siyasi iradə, praqmatik yanaşma və beynəlxalq səviyyədə qazanan liderlik dayanır.
Məhz bu kontekstdə İlham Əliyev-ə İtaliyada göstərilən etimad və etibar xüsusi vurğulanmalıdır. Bu etimad, Azərbaycanın sözünün imzası qədər dəyərli olduğunu sübut edir. Müasir dünyada etibar ən böyük kapitaldır – və Azərbaycan bu kapitalı artıq qazanıb.
Bu gün Bakı ilə Roma arasında qurulan körpülər yalnız iki ölkəni deyil, bütövlükdə regionları birləşdirir. Bu isə gələcəyin siyasi və iqtisadi xəritəsinin məhz belə tərəfdaşlıqlar üzərində qurulacağını göstərir.
Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
Bu gün, 12:05
8