Gürcüstan hakimiyyəti parlamentə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini təqdim edib. Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze bildirib. Paket “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsindən və Mülki və Əmək məcəllələri də daxil olmaqla, mövcud qanunvericiliyə dəyişiklik edən 18 qanun layihəsindən ibarətdir. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, paket səkkiz əsas məsələni tənzimləyir:
konstitusiyaya görə, Gürcüstanda nikah kişi və qadının birliyidir, bu məqam daha da möhkəmlənəcək;
LGBT təmsilçiləri üçün uşaqların övladlığa götürülməsinə qadağa;
cinsiyyətin dəyişdirilməsi üçün əməliyyatların və hər hansı tibbi prosedurların qadağan edilməsi;
sənədlərdə cinsin göstərilməsi - qeyri-bioloji cinsin göstərilməsi qadağandır;
eynicinsli münasibətləri və ya insestləri təbliğ edən kontentlərin yayımına qadağa;
eynicinsli münasibətləri təşviq etmək məqsədi daşıyan ictimai toplantıların və nümayişlərin qadağan edilməsi;
17 may - Ailə müqəddəsliyi günü olaraq istirahət günü kimi müəyyən edilir.
“Gürcü Arzusu” paketi yaz sessiyasında birinci oxunuşda qəbul etməyi, sonra isə payızda baxılmağa davam etməyi planlaşdırır.
Bəllidir ki, LGBT aparıcı Qərb dövlətlərinin insan haqları kimi dəyər verdiyi bir mövzudur. Belə olan halda “Xarici agentlər haqda” qanundan sonra növbəti “anti-Qərb” sənədinin qəbulunun Tiflis üçün bədəli nə ola bilər? Azərbaycandan ötrü mümkün və uzaq təsirlər?
Rəşad Bayramov: “Belə bir qanunun müzakirəyə çıxarılması kifayət qədər düşünülmüş məsələdir və...”AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Qərbin oyunlarının nəticəsiz qalacağını düşünür: “Əslinə baxanda Gürcüstan hakimiyyətinin LGBT təbliğatını qadağan edən qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməsi Qərb dövlətlərinin rəsmi Tiflis üzərinə hücum etməsinə hesablanıb. Gürcüstanda hakim ”Gürcü Arzusu" Partiyası belə bir qanunun nəinki qəbulub hətta müzakirəyə çıxarılmasına Qərbin səssiz qalmayacağını bilir və belə bir təşəbbüs göstərməklə Qərbi oyuna çəkir. Belə ki, Gürcüstanda əhali böyük çoxluqla mühafizəkar baxışlara malikdir və xüsusilə də ailə dəyərləri baxımından gürcülər olduqca həssas topluluqdur. Eyni şəkildə Gürcüstanda yaşayan və saylarına görə gürcülərdən sonra ikinci yerdə olan azərbaycanlıların da Qərbin təbliğ etdiyi qeyri-ənənəvi nikahları və ümumiyyətlə LGBT təbliğatını qəbul etmədiyi məlumdur. Məhz bu səbəbdən də LGBT təbliğatını qadağan edən qanunun parlamentin müzakirəsinə çıxarılmasına Qərb tərəfdən ediləcək təzyiqlər əslində əks effekt verəcək və Gürcüstan hakimiyyətinə anti-Qərb təbliğatını qurmaq üçün yeni imkanlar yaradacaq. Qərbin diqtəsi ilə hərəkət edən QHT-lər və müxalifət isə ictimai rəyi nəzərə alaraq ya susmaq məcburiyyətində qalacaq, ya da bu məsələdə də hakimiyyətin üzərinə gedib nüfuzlarını itirəcəklər. Gürcüstan hakimiyyəti üçün, xüsusilə indiki dönəmdə, yəni oktyabrda keçiriləcək Parlament seçkiləri ərəfəsində Qərb təsiri ilə hərəkət edən qüvvələrin zəifləməsi olduqca vacibdir.
Qanun layihəsinin özünə gəldikdə isə göründüyü kimi kifayət qədər əhatəli və ailə dəyərlərinin müdafiəsinə yönəlik bir layihədir. Həqiqətən də LGBT təmsilçiləri üçün uşaqların övladlığa götürülməsi, eynicinsli münasibətlərin təşviqi gələcəkdə bu baxışlarla yeni nəslin formalaşmasına imkan açar ki, bu da yolverilməzdir.
Qərbin insan hüquqları adı altında belə bir qanun layihəsinin əleyhinə çıxması isə, əksinə bu baxışları normal hesab etməyən və qəbul etməyən çoxluğun hüquqlarını tapdalamaq deməkdir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Gürcüstan hakimiyyəti tərəfindən belə bir qanunun müzakirəyə çıxarılması kifayət qədər düşünülmüş addımdır və Qərbdən gələcək hücumlardan istifadə edərək anti-Qərb kampaniyasının aparılmasına hesablanıb".
Niyaməddin Orduxanlı: “Qərb Gürcüstanda etdiklərini bu gün Azərbaycanda edə bilməz”Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Qərb dairələrinin Gürcüstanda etmək istədiklərini Azərbaycanda heç bir zaman edə bilməyəcəklərini qeyd etdi: “Son zamanlar qonşu Gürcüstanda baş vermiş hadisələri Qərblə Rusiya arasında açıq müstəvidə mübarizənin təzahürü kimi xarakterizə edərdim. Yerli hakimiyyətə qarşı geniş etiraz aksiyalarının keçirilməsini Qərb təşkil edir. Yəni Rusiya meyilli qüvvələrə əzələ nümayişi. Qərb Gürcüstanda özünün yaratdığı 5-ci kolon vasitəsindən çox məharətlə yararlanır. Təsəvvür edirsiniz, bir neçə milyonluq Gürcüstanda 30000-ə yaxın QHT var və bu vətəndaş cəmiyyəti institutlarının 90% qrantını Qərb verir. 30 000 QHT-nin elə ancaq öz ailə üzvləri çıxsa, ən azı 50-70 min adam deməkdir. Həmin mitinqlərdə də bu kontingent iştirak edir. Necə deyirlər, pul kim veribsə, sifarişi də o verir. Ötən illərdə Qərb bu QHT-lərə boş-boşuna pul verərdi? Bugünkü situasiya üçün hazırlayırdı. Qərbdə uzun müddətdir ki, liberallaşma geniş vüsət alıb. Məqsədli şəkildə bır sıra ölkələrdə LGBT təbliğatından istifadə edirlər. Gürcüstan hökumətinin təqdim etdiyi qanun layihəsi başa düşüləndir. Qərb uzun illərdi ki, LGBT-nin təbliğatını külli miqdarda maliyyə qarşılığında yerli TV-lər vasitəsi ilə həmin ölkələrdə davam etdirir. Öz siyasətlərini həyata keçirmək, ailə dəyərlərini sıradan çıxartmaq üçün. Gürcüstan konstitusiyasına görə, nigah kişi və qadın birliyidir! Başqa cür də ola bilməz! Din də buna yol vermir ki, eynicinsli münasibətlər baş versin. Bu, birbaşa mənəvi deqradasiyadır. Ancaq Qərb bunu Gürcüstanda insan hüquqlarının və azadlıqlarının pozulması kimi qiymətləndirir. Gürcüstan hökumətini açıq şəkildə hədəfə almaq üçün bu cür bəhanələr tapır. Hökumət həm də ” Xarici agentlər haqda" qanun qəbul olunmasını da 5-ci kolonun fəaliyyəti ilə bağlı olduğunu gizlətmir. Tiflisə Qərb bütün imkanları ilə təzyiqini davam etdirəcək. Birazdan açıq şəkildə sanksiya hədəsi gələcək. Ancaq Qərb unutmamalıdır ki, gürcü xalqı Saakaşvilliyə ona görə səs vermədi ki, onun qonşu Rusiya ilə münasibətləri çox pis idi, İvanaşviliyə ona görə səs verdi ki, Gürcüstanla Rusiyanın münasibətlərini daha da yaxşılaşdırsın. Rusiya ilə münasibətlərinə görə İvanaşvili Saakaşviliyə qalib gəldi. Gürcüstanda baş verənlərin Azərbaycana təsirinə gəldikdə isə Gürcüstanda fərqli olaraq Azərbaycanda Qərb çox güclü şəkildə “qhtşniklər” vasitəsilə 5-ci kolonunu qura bilməyib. Bəzi azsaylı istisnalar var. Qərb barmaqla sayılacaq bir necə QHT və media orqanlarına gizli yollarla pul göndərə bilir. O cümlədən də, pul qarşılığında Əli Kərimlini Azərbaycan hakimiyyətinə qarşı danışdıra bilir. Ancaq xalqımız Əli Kərimlinin pula görə Qərbin tapşırıqlarını yerinə yetirdiyini çox yaxşı anlayır. Belə bir adama xalq heç zaman dəstək verməz. Qərb Gürcüstanda etdiklərini bu gün Azərbaycanda edə bilməz".
“Yeni Müsavat”